Toyların təxirə salınması qızılın satışını əhəmiyyətli dərəcədə azaldıb - Açıqlama

10:29 - 31.05.2020


31 may, Fineko/abc.az. Pandemiya dövründə bütün dünyada investorlar üçün qızıl ən etibarlı yatırıma çevrilib.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Zərgərlər Assosiasiyasının nümayəndəsi Eduard Şamarayev deyib.

O qeyd edib ki, qızılın qiyməti tarixdə ən yüksək həddə 2011-ci ildə çatıb.

"Həmin vaxt qızılın unsiyasının qiyməti 1900 dolları keçmişdi. Hazırda qızıla tələbin artması onu deməyə əsas verir ki, qiymətlər 2011-ci ildəki rekordu da qıra bilər" deyə Assosiasiya nümayəndəsi vurğulayıb.

E.Şamarayevin sözlərinə görə, Azərbaycanda isə qızılın qiyməti dünya qiymətlərinə nisbətən aşağıdır.

O bunun səbəbini belə əsaslandırıb: "Çünki Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi qızıl alqı-satqısının azalmasına səbəb olub. Xüsusilə toy mərasimlərinin təxirə salınması zərgərlik məmulatlarının satışını əhəmiyyətli dərəcədə azaldıb. Bizdə qızıl satışı əsasən iri ticarət mərkəzlərində həyata keçirilir. Karantin qaydaları ilə əlaqədar bu obyektlərin bağlı olması da satışlara mənfi təsir edib".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər