330x110
 

Milli Məclis toplanır – Gündəlikdə maskaya görə cərimələnmə məsələsi də var

01.06.2020,11:02


1 İyun, Fineko/abc.az. Milli Məclis bu gün növbədənkənar iclas çağırıb.

ABC.AZ xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, iclasın gündəliyinə mayın 31-də qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyin müzakirəsi daxildir.

Sözügedən təklif dünən Milli Məclisdə 1-ci oxunuşda qəbul edilib.

Layihəyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.