330x110
 

Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma olacaq – Anonsu verildi

01.06.2020,17:01


1 İyun, Fineko/abc.az. Lisenziyası ləğv olunmuş 4 bankın əmanətçilərinə ödəniləcək 680 milyon manat kompensasiyanın təxminən 200 milyon manatı Əmanətlərin Sığortalanması Fondunun hesabına həyata keçiriləcək.

ABC.AZ xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, sözügedən 4 bankın əmanətlərinin 480 milyon manatı isə Mərkəzi Bankın Fonda ayıracağı kredit hesabına ödəniləcək: “200 milyon manat Əmanətlərin Sığortalanması Fondunun vəsaiti hesabına qaytarılacaq. Əmanətlərin Sığortalanması Fondunun özünün likvidliyi var, bir qədər yüksəkdir. Amma Fondun fəaliyyətinin normal təmin edilməsi üçün bir qədər vəsaitlər onun hesabında qalır.  480 milyon manat dövlət zəmanətilə Mərkəzi Bank tərəfindən veriləcək. Mərkəzi Bank, Maliyyə Nazirliyi və Fond arasında danışıqlar gedir. Artıq Mərkəzi Bankın İdarə Heyətinin bu istiqamətdə qərarı var və biz Maliyyə Nazirliyinə müraciət etmişik. Hesab edirik ki, çox qısa müddətdə bu məsələni həll edəcəyik. Qeyd edim ki, qaytarılacaq vəsaitlərin bir hissəsi valyuta formasındadır. Mərkəzi Bank bu vəsaitin də verilməsini üzərinə götürüb. Bu vəsait, təxminən 200 milyon dollar valyuta ehtiyatlarından köçürüləcəkdir. Bu səbəbdən növbəti aylarda Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma olacaq”.