STP Qazaxıstana alüminium profilləri ixrac etməyə başlayıb – İlk dəfə

12:19 - 2.06.2020


2 iyun, Fineko/abc.az. Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstanın Almatı şəhərinə ilkin olaraq 20 ton məhsul göndərib.

Bunu ABC.AZ-a STP-dən bildiriblər.

"STP fəaliyyəti ərzində Qazaxıstana bir sıra ixrac əməliyyatlarını reallaşdırsa da, alüminium profillərini bu ölkəyə ilk dəfə ixrac edib. Texnopark ötən ay Qazaxıstanla yanaşı Misir, Türkiyə və Ukraynaya da alüminium profil və pəstah məhsulları ixrac edib. Sadalanan ölkələr ilə yanaşı, STP bu günə kimi Danimarka, Polşa, Estoniya və Yunanıstan kimi ölkələrə alüminium profil və pəstahların ixracını həyata keçirdib. Sumqayıt Texnologiyalar Parkı alüminium profillərin ixracını genişləndirmək məqsədilə xarici bazarları araşdırmağa davam edir.

Hazırda Ukrayna, Rusiya və İspaniyada potensial müştərilərlə danışıqlar aparılır. Yaxın gələcəkdə bu ölkələrə də ixrac etmək ehtimalı və potensialı böyükdür" deyə məlumatda qeyd olunub.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər