Daha 5 yeni lisey yaradılıb – Siyahı

11:06 - 4.06.2020


4 iyun, Fineko/abc.az. Təhsil Nazirliyi tərəfindən Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey yaradılıb.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub.

Sözügedən liseylərdə təhsil dövlət hesabına həyata keçiriləcək.  Liseylərdə şagirdlər dövlət hesabına gündə üç dəfə isti yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar.

Qeyd edək ki, liseylərə qəbul imtahanlarının 2020-ci il avqustun ikinci yarısında keçirilməsi nəzərdə tutulub. Qəbul imtahanında suallara Azərbaycan dili və riyaziyyat fənləri üzrə tapşırıqlarla yanaşı, eyni zamanda şagirdlərin qeyri-standart düşünmə bacarıqlarının yoxlanılması məqsədilə məntiqi tapşırıqlar daxil ediləcək. IX siniflərə qəbul üçün əlavə olaraq şagirdlərin fizika və kimya fənləri üzrə bilikləri yoxlanılacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər