Bakıda yol qovşağı tikilir – Yeni layihə

12:19 - 8.06.2020


8 iyun, Fineko/abc.az. Bakıda Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı yenidənqurma işləri davam etdirilir.

Qurumdan ABC.AZ-a verilən məlumata görə, aparılan yenidənqurma işləri çərçivəsində Mehdi Mehdizadə küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən artıq istifadə olunmayan və yolun daralmasına səbəb olan dəmir yolu körpüsünün sökülməsi işləri görülüb.

Nəticədə küçəni sözügedən hissəsində hərəkət hissə 2 zolaqdan 4 zolağa genişləndirilib, yolun kənarları abadlaşdırılıb.

 Bundan başqa aparılan yenidənqurma işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, yeni asfalt-beton örtüyü döşənib.

Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissələrində paytaxtımızın yol infrastrukturuna mühüm töhfə verəcək yeni qovşağın yaradılması istiqamətində sadalanan küçələrdə yenidənqurma işləri davam etdirilir. Bu çərçivədə Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və İzzət Orucov küçələri arasında yerləşən hissəsində yenidənqurma işləri aparılır. Bu hissədə küçənin uzunluğu 1 km, eni isə 10.5 metr təşkil edir. Layihənin sonuncu mərhələsində  Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissəsində yeni yol qovşağı yaradılacaq. Qovşaqda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar quraşdırılacaq, zəruri yerlər yol nişanları qoyulacaq, yolcizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkiləcək.

 

Bütün xəbərlər