Azərbaycan iqtisadiyyatı 2,6 faiz balacalaşacaq - Bədbin proqnoz

10:22 - 9.06.2020


9 iyun, Fineko/abc.az. Bu il Azərbaycan iqtisadiyyatının yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda 2,6% azalacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının "Global Economic Prospects: Europe and Central Asia" adlı hesabatının iyun buraxılışında qeyd olunub.

Hesabata əsasən, 2021-ci ildə ölkədə ÜDM istehsalı 2,2% artacaq.

Neft qiymətlərinin sabitləşəcəyini gözləyən bank, bu səbəbdən ölkədə iqtisadi aktivliyin 2021-ci ildə artacağını proqnozlaşdırır.

Hesabata görə, koronavirus pandemiyası Azərbaycanda büdcə xərclərinin səhiyyəyə yönələn vəsaitlərin artmasına, vergi ödəyiciləri üçün vergi ödəmələrində təxirə salınmanın təmin olunmasına və əhalinin sosial müdafiəsi tədbirlərinin genişlənməsinə görə çoxalacaq.

Bundan əlavə, Dünya Bankının gözləntilərinə görə, neft qiymətlərinin kəskin azalmasından sonra Azərbaycanda bərpa olunan enerji mənbələrinə strateji investisiya planlarını genişləndiriləcək.

Qeyd edək ki, bankın bundan əvvəlki proqnozuna əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM 0,2% azalacağı, 2021-ci ildə isə 2,2% artacağı gözlənilirdi.

 

Bütün xəbərlər