Torpaq yollarda da polis naryadları qurulacaq – Rayonlara getmək olmayacaq

12:03 - 17.06.2020


17 İyun, Fineko/abc.az. Növbəti həftələrdə sərtləşdirilmiş karantin tətbiq edilərsə rayonlara gedən torpaq yollarda da polis naryadları qurulacaq.

ABC.AZ-ın məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

O həftəsonu sərt karantin qaydalarını pozaraq torpaq yollardan istifadə edib rayonlara gedən sürücülər barədə də danışıb. K.Əliyev qeyd edib ki, sözügedən şəxslər cərimə olunacaq: "Magistrallardan torpaq yollara girən sürücülər xüsusi texniki vasitələrin köməyi ilə aşkar ediləcək və inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar. Bu həftə ”icazə-e-gov.az” portalından 260 min şəxs qeydiyyatdan keçib ki, onlardan da 70 min nəfərin ölkə ərazisi üzrə icazəsi olub. Müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilən bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər. Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır".

 

Bütün xəbərlər