İxracın həcmi 19% azalıb – Ekspert həyəcan təbili çalır

12:32 - 17.06.2020


17 iyun, Fineko/abc.az. Son 4 ildə ilk dəfə olaraq xarici ticart balansında kəsir qeydə alınıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, may ayında idxalın ($782,5 milyon) ixracı ($665,5 milyon) üstələməsi səbəbindən $117 milyonluq kəsir yaranıb.

ABC.AZ-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, son dəfə 2016-cı ilin oktyabr ayında mənfi saldo ($112,6 milyon) yaranmışdı.

Buna baxmayaraq cari ilin 5 ayı ərzində ticarət balansında müsbət saldo ($2,8 milyard) qorunub. Ötən ilin analojo dövründə də profisitin həcmi bu qədər idi.

Ancaq 2018-ci ildə daha yüksək - $3,5 milyard olub: "Ümumən götürdükdə xarici ticarət dövriyyəsində ötən ilin analoji dövrü ilə müqayisədə azalma olub. İxracın həcmi 19% azalıb. Azalma təkcə neftin ucuzlaşmasına görə deyil, həmçinin qeyri-neft ixracının azalması ilə bağlıdır.  Məsələn, meyvə-tərəvəz ixracı  miqdar baxımdan 10%, şəkər 12,7%, pambıq lifi 24,3%, pambıq ipliyi 18,8%, qara metallar və ondan hazırlanan məmulatlar 42,2%, alüminium 5,7%  azalıb. İdxalda isə azalma daha çox - 28,9% olub. Ancaq buna baxmayaraq əsas strateji məhsulların idxalında əhəmiyyətli artım olub. Bunun səbəbi karantin müddətində ölkənin ərzaq təhlükəsizliyini təmin etmək olub. Məsələn, ət məhsulları 11,2%, süd 36,2%, süddən hazırlanmış yağlar 32,5%, çay 5,2%, düyü 38,6% artıb. Buğda idxalı 38% azalıb. Əczaçılıq məhsulları isə 67,3% artıb".

 

 

Bütün xəbərlər