KİVDF-dəki korrupsiya halları barədə cinayət işi açıldı – Araşdırma davam edir

14:30 - 17.06.2020


17 iyun, Fineko/abc.az. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə ABC.AZ-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, daxil olmuş materiala əsasən, Fondun “Xərclər smetası”nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənib.

Qeyd olunan qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

 

Bütün xəbərlər