İşsizlikdən sığorta ödənişinin təyinatı bundan sonra belə olacaq – Yeni layihə

15:38 - 18.06.2020


18 iyun, Fineko/abc.az. İşsizlikdən sığorta ödənişlərinin şərtlərinin yumşaldılması və bu ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üçün təkliflər hazırlanıb.

ABC.AZ xəbər verir ki, sözügedən təklif Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Belə ki, mövcud qanunvericilikdə müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslərə azı 3 il sığorta stajına malik olduqda işsizlikdən sığorta ödənişinin təyin olunması nəzərdə tutulur. Yeni layihədə bu müddətin 3 ildən 1 ilədək azaldılması təklif olunur.

Həmçinin layihədə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişinin təyin olunması təklifi yer alır.

Eləcə də işsizlikdən sığorta ödənişinin hesablanması, işsizlikdən sığorta ödənişlərinin elektron qaydada təyinatı və s. ilə bağlı təkliflər də layihədə əksini tapır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər