Dövriyyədə olan kartlarla bağlı Mərkəzi Bankdan açıqlama

16:54 - 18.06.2020


18 iyun, Fineko/abc.az. Bankların filial və şöbələrində, eləcə də bankomatların qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı dövlət sosial yardımları üzrə istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının istifadə müddətinin 30 sentyabr 2020-ci il tarixinədək artırılması üçün Mərkəzi Bankı tərəfindən müvəkkil banklara müraciət olunub.

Mərkəzi Bankdan ABC.AZ-a verilən məlumata görə, həmin müraciət müvəkkil banklar tərəfindən təmin olunaraq müvafiq ödəniş kartlarının istifadə müddəti avtomatik olaraq uzadılıb.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən banklara müştərilərin istəyi ilə yeni emissiya edilmiş ödəniş kartlarının bankların texniki imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla kuryer vasitəsilə ünvana çatdırılması xidmətlərinin göstərilməsi də tövsiyə olunub.

Qeyd edək ki, müraciətdən sonra həyata keçirilən tədbirlər sayəsində bank-müştəri təmasları mümkün qədər azaldılıb.

 

Bütün xəbərlər