330x110
 

"Bank Standard"-ın əmanətçilərinə hələ də pulları qaytarılmır

06.07.2020,10:16


6 iyul, Fineko/abc.az. Bir neçə il əvvəl bağlanan "Bank Standard"-ın hələ də əmanətçilərinə pulları qaytarılmayıb.

Bunu ABC.AZ-a ekspert Əkrəm Həsənov bildirib.

O qeyd edib ki, sözügedən məsələdə adıçəkilən bank tək deyil. Belə ki, "Bank Standard"la yanaşı uzun zamandır bağlanan "Texnika Bank"ın əmanətçilərinə də depozitləri qaytarılmır.

Ekspert əmanətlərin qaytarılmamasında günahı Əmanətlərin Sığortalanması Fondunda görür: "Əmanətlərin qaytarılmaması prinsipcə gözlənilən idi. Çünki Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti qəbaətbəxş deyil. Mən bir ildən çoxdur ki, "Bank Standard"ın ritullar komissiyasının sədri deyiləm. Amma çox şeydən məlumatım var. Burda heç nə dəyişməyib. Yəni o pullar nəyin hesabına qaytarılmalıdır? İlk növbədə bankın daşınmaz əmlakları satılmalıdır. Fond isə bunu satmır, nəyisə gözləyir. Sanki kimlərləsə pərdəarxası danışıqlar aparır. Hansısa alıcılarla. Halbuki qanuna görə, hərrac keçirilməlidir və mümkün qədər baha qiymətə satılmalıdır. Satmır, əksinə hər rübdə təkcə "Bank Standard"ın daşınmaz əmlaklarının mühafizəsinə 30 min xərcləyir. Bu hamısı əmanətçilərə vurulan ziyandır. Bununla yanaşı Əmanətlərin Sığortalanması Fondu banka borcu olan iri borcalanlardan pul tələb etmir, onlara qarşı məhkəmədə iddiaları qaldırmır. Çünki onların arxasında kimlərsə durub. Bu barədə əmanətçilərə məlumat vermir. Yəni o kreditləri qaytarmaq lazımdır ki, əmanətlər də qayıtsın. Fond kimə qarşı neynir, bilinmir".

Müəllif: Elmir Murad