Biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar – İlham Əliyev

10:38 - 7.07.2020


7 iyul, Fineko/abc.az. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər.

Ona görə biz məcbur olub cərimələri artırdıq.

ABC.AZ-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra  müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq: "Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik".

 

Bütün xəbərlər