330x110
 

İstənilən nasazlıq dərhal aradan qaldırılacaq - Bakıya yeni smart kartlar gətirilib

09.07.2020,17:03


9 iyul, Fineko/abc.az. Ötən il smart-kart tipli sayğacların alınmasına dair keçirilən açıq müsabiqədə (tender) qalib gələn Almaniyanın “Zenner” şirkətinin istehsalı olan smart kart tipli müasir sayğacların 200 ədədi Azərbaycana gətirilib.

ABC.AZ xəbər verir ki, yaxın günlərdə pilot layihə çərçivəsində bu sayğacların test sınaqlarına başlanılacaq. Qeyd edək ki, Bakıya gətirilən yeni smart-kart tipli sayğacların əvvəlki istehsalçıdan fərqli olaraq “Zenner” qaz ölçü qurğularının proqram təminatını “Azəriqaz” İstehsalat Birliyinə təhvil verəcək.

Üzərində son tamamlanma işləri aparılan Milli Proqram yeni sayğaclarda baş verməsi ehtimal olunan istənilən nasazlığı dərhal aradan qaldırmağa imkan yaradır.

Hər bir sayğacın kartı üzərində gələcək. Qurğu abonentin ünvanında quraşdırılarkən, kartın tanıdılması yerində icra ediləcək və abonent “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə cəmi bir dəfə - məlumatların abonent bazasına yerləşdirilməsi üçün gedəcək. Bununla da hazırda abonentlərin qarşılaşdıqları vaxt itkisi aradan qalxacaq.

Yeni qaz ölçü qurğusunun menyusunda əməliyyatlar sadələşdirilib. Bütün əməliyyatlar iki toxunuşlu (sensor) düymə vasitəsi ilə aparılır. Bundan başqa əvvəlki smart kartlardan fərqli olaraq yeni sayğacların kartlarında məbləğ qaldığı halda belə 5 dəfə ardıcıl yükləmə aparmaq mümkündür. Yəni, əgər kartınızda 5 manatlıq vəsait varsa, onun üzərinə daha 5 manatın yüklənməsi üçün əvvəlki məbləğin sayğaca boşaldılmasına ehtiyac qalmır.