Bu yol yenidən qurulur – 5 min nəfərin gediş-gəlişini rahatlaşdıracaq

17:03 - 13.07.2020


13 iyul, Fineko/abc.az. Samux rayonunda uzunluğu 39,5 kilometr olan yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a verilən məlumata görə, bunlar 28,1 kilometr uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır.

Kəsəmən yolunun uzunluğu 4,6 kilometr, Qarabağlı yolunun uzunluğu 2,8 kilometr, Salahlı yolunun uzunluğu isə 4 kilometr təşkil edir. Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq. Ümumilikdə isə bu layihə yolboyu yaşayan hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, kənd təsərrüfatının inkişafına təkan verəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər