2017-ci ildə ARDNŞ qazma işlərini üçdə birdən çox artırıb

16:57 - 22.01.2018


22 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2017-ci ildə  qazma işlərinin həcminin artırılması hesabına neft və qaz hasilatının sabitləşməsinə nail oldu.

Şirkətin məlumatında deyilir ki, 2017-ci il ərzində ARDNŞ  138 min metr qazma işləri həyata keçirmişdir ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur.

“Bu sahədə görülmüş işlərin 93%-i istismara, 7%-i kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, ötən il 81 quyuda qazma işləri uğurla başa çatdırılmışdır. Keçən il 7,4 milyon ton neft, 6,1 milyard kubmetr qaz hasil olunmuşdur ki, bu da  2016-cı  ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,4% və 3,3 % nisbətində cüzi dəyişmişdir”, - məlumatda belə deyilir.

Ümumiyyətlə, 2017-ci ildə respublika üzrə 38,7 milyon ton neft və 28,6 milyard kubmetr təbii qaz hasil olunmuşdur.

 

Bütün xəbərlər