Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu nəzarətimizdədir – İlham Əliyev

11:59 - 16.07.2020


16 iyul, Fineko/abc.az. "Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi.

Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq.

Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev özünün sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək: "Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir".

 

Bütün xəbərlər