Navid Naqvi : Azərbaycanda bank sektorunda hələ çox iş görülməlidir - MÜSAHİBƏ

14:11 - 20.07.2020


20 iyul, Fineko/abc.az. Bildiyiniz kimi Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri Navid Naqvi ölkəmizdəki səlahiyyət müddəti bitib. Bunu nəzərə alaraq ABC.AZ-ın əməkdaşı N.Naqvidən həm ötən müddət ərzindəki fəaliyyəti, həm də Dünya Bankının Azərbaycanla bağlı gələcək planları barədə müsahibə alıb. Həmin müsahibəni sizə təqdim edirik.

- Bildiyimiz kimi koronavirus pandemiyası dünya iqtisadiyyatına təsirsiz ötüşmür. Bu kontekstdə Azərbaycan iqtisadiyyatının bugünkü və gələcəkdəki perspektivlərini necə qiymətləndirirsiniz?

 

Pandemiya hər bir ölkə üçün görünməmiş bir problem yaratdı. Əhali arasında yaranan sağlamlıq problemləri və sonradan sərt karantin tətbiq edilməsi təklifdə şok yaratdı. Çünki insanlar, artıq öz biznesləri ilə əvvəllər olduğu kimi məşğul ola bilmirlər. Bundan əlavə, həmçinin tələb şoku da ortadadır. Çünki insanlar işlərini itirdiklərinə və ya itirməkdən qorxduqlarına görə artıq əvvəlki kimi pul xərcləmək istəmirlər. Bundan başqa, hazırda 40 dollar diapazonunda olan neft qiymətlərinin qlobal şəkildə aşağı düşməsi və xaricdən pul köçürmələrinin sayının orta hesabla Avropa və Mərkəzi Asiya üzrə 28% azalması müşahidə olunur.

Bütün bu amillər 2020-ci ildə Azərbaycanda ÜDM-in təxminən 3% azalmasının ehtimal olunduğunu göstərir. Çox şey hələ bəlli deyil. Biz hamımız ümid edirik ki, indi sınaqdan keçirilən peyvəndlərdən biri effektiv olacaq və biz, adi qrip mövsümündə qışda infeksiyanın ikinci mümkün dalğasının qarşısının alınmasında daha çox uğur qazanacağıq. Lakin, əgər biz qışda sərt məhdudiyyətlərin ikinci mərhələsinin zəruri olması qənaətinə gəlsək, o zaman, 2020-ci ildə tənəzzüllə yanaşı, həm də 2021-ci ildə davam edən iqtisadi problemləri də həll etməli olacağıq. Hər halda, Azərbaycan, dünyanın əksər ölkələri ilə müqayisədə, indiki böhranın qarşımızda qoyduğu iqtisadi çağırışların öhdəsindən daha yaxşı gələ bilər. Mən bunu birinci növbədə ona görə deyirəm ki, biz əsas nazirliklərdə, Prezident Administrasiyasında və vitse-prezident aparatında səriştəli iqtisadi komandanı görürük. Bundan əlavə, ölkə, yaxşı idarə olunan Rifah Fondunda illik ÜDM ekvivalentinə malik olub. Ölkə, iqtisadi böhrandan yaranmış zərərin yumşaldılması üçün, öz resurslarını həm kasıb insanlara, həm də müəssisə və firmalara dəstək üçün göndərib. Ancaq hesab edirəm ki, biz ehtimal ki, 2021-ci ilə qədər və bəlkə də ondan sonra davam edə biləcək iqtisadi böhranın başlanğıcındayıq. Ona görə də ölkəyə 2020-ci ildən sonra bu böhranın fəal idarə olunması planı lazımdır.

Düşünürəm ki, biz Azərbaycanda insan kapitalının dəstəklənməsinin daha da dərinləşdirilməsinə diqqət yetirməliyik. Məktəblərin bağlanması təhsilə, xüsusilə də kiçik yaşlı uşaqların təhsilinə ciddi təsir göstərəcək və biz itkiləri aradan qaldırmaq üçün çox işləməli olacağıq. Bundan başqa, daha uzun iqtisadi böhran olarsa, Sosial Müdafiə sistemi uyğunlaşmalı olacaq.

Dünya Bankı, həssas qruplar arasında özünüməşğulluğu dəstəkləmək üçün 100 milyon dollar ayırdığı, bu yaxınlarda təsdiq edilmiş bir layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə tərəfdaş olub. Biz həmçinin, böhranın aradan qaldırılmasında və 21-ci əsrin dünyasına hazırlıqda təhsil və səhiyyə sektorlarına da dəstək verməyə hazırıq.

 

- İqtisadiyyata dəyən zərəri minimuma endirmək üçün neftin qiymətinin aşağı düşməsi şəraitində Azərbaycan nə etməlidir?

 

Neft ölkə üçün çox mühüm gəlir mənbəyi olub. Neft sərvətləri ölkəyə öz infrastrukturunu inkişaf etdirməyə və tez bir zamanda yüksəlməyə, orta gəlirli ölkəyə çevrilməyə imkan verdi. Lakin hazırkı pandemiyadan əvvəlki ümumi beynəlxalq tendensiyalar və onun yaratdığı iqtisadi böhran əsas verir ki, iqtisadi inkişafın gələcək strategiyası neft və qazdan hazırkı asılılıqdan kənara diversifikasiya olunmalıdır. Düşünürəm ki, neftin qiymətinin aşağı düşməsini, islahatçı səylərin sürətləndirilməsi imkanı kimi qiymətləndirmək lazımdır. Və bildiyimə görə, bu səylər artıq hökumət səviyyəsində sürətləndirilir. Ədalətli olaraq, hökumət hal-hgazırda iqtisadiyyatın məhsuldar hissələrini qorumaq üçün, bu böhrandan ən çox əziyyət çəkənlərə kömək etməyə və bərpaya yönəlib. Gələcəkdə ölkəni iki məqama yönəldən orta müddətli inkişaf strategiyası lazım olacaq: ixtisas və təhsil keyfiyyətinin yüksəldilməsi və iş mühitinin yaxşılaşdırılması ki, yüksək keyfiyyətli iş yerləri ilə yanaşı yeni özəl müəssisələri yaradılsın. Bu, yalnız ölkədə hər kəs yaxşı sosial müdafiə sistemi və səhiyyə sistemi ilə təmin olunanda mümkündür ki, iqtisadi təlatümlər insanları dönməz yoxsulluğa gətirib çıxarmasın. Dörd il Azərbaycanda olandan sonra əminəm ki, ölkənin zəhmətkeş xalqı və gənclərinin istedadı hökumətin düzgün dəstəyi ilə bu ölkəni düzgün istiqamətə aparacaq. 10 ildən sonra mən görmək istərdim ki, biznes gənc sahibkarlar tərəfindən yaradılır, zənginlik isə çox iri holdinq şirkətlərinin və biznes evlərinin bir ovuc hissəsi ilə məhdudlaşmır. İşıqlı gələcək və gənc nəslin həm dövlət sektorunda, həm də özəl sektorda daha geniş iştirak etmək imkanı - irəliyə aparan yoldur.

 

- Bu yaxınlarda biz müşahidə etdik ki, Mərkəzi Bank maliyyə sektorunun idarə edilməsinə görə məsuliyyəti öz üzərinə götürdü, bəzi kommersiya bankları və sığorta şirkətləri isə bağlandı. Azərbaycanın bank sektorunu necə qiymətləndirirsiniz?

 

2014-15-ci illərdə neftin qiyməti bir barelə 120 dollardan yuxarı olan maksimum səviyyədən bu dəyərin 1/3-ə qədər düşən zaman, dərin iqtisadi şok həmçinin maliyyə sektorunun zəif tərəflərini üzə çıxardı. Bu böhrandan sonra bir neçə bankın bağlandığını gördük. Bu yaxınlarda Azərbaycanda bankların bağlanması, bank sektorunun səmərəliliyinin artırılması istiqamətində əlavə addımlar atıldı. Hələ çox iş görülməlidir, çünki maliyyəyə çıxış, şaxələndirilmiş iqtisadiyyatda sahibkarlığın uğurunun əsas amilidir. Dünya Bankı bu səylərdə Mərkəzi Bank ilə tərəfdaşlığını dərinləşdirməyə hazırdır.

 

 

- Dünya Bankı ilə Azərbaycan arasında gələcəkdə tərəfdaşlığın səmərəli istiqamətlərini nədə görürsünüz? Hansı yeni layihələr planlaşdırılır?

 

İyun ayında Prezident İlham Əliyev ilə Dünya Bankının yeni vitse-prezidenti Anna Byerde və regional direktor Sebastyan Molineusla son görüşümüz zamanı, Prezident Dünya Bankına, iqtisadiyyatın şaxələndirilməsi imkanlarının qiymətləndirilməsində hökumətə qoşulmağı tapşırmışdır. Onun göstərişi ilə biz Azərbaycanın orta müddətli strateji inkişaf planının hazırlanmasına texniki yardım göstərməklə hökumətlə sıx əməkdaşlıq edəcəyik. Biz, Dünya Bankının kənd təsərrüfatı, su təchizatı və irriqasiya, səhiyyə, eləcə də avtomobil və dəmir yollarının inkişafında dəstəyinə prioritet diqqət ayrılacağına dair razılığa gəldik. Hesab edirəm ki, təhsilin bütün spektri üzrə - ibtidai təhsildən tutmuş ali təhsilədək keyfiyyətinin artırılması üzərində çox iş görməliyik. Məhkəmə islahatı və elektron məhkəmə sisteminə dəstəyin genişləndirilməsindən xüsusilə razıyam və arzu edirəm ki, tərəfdaşlığımız bu sektorda daha da dərinləşsin və davam etsin.

 

- Siz, Azərbaycanda dörd il yaşamısınız. Burada yaşadığınız dövrdəki təəssüratlarınızı danışa bilərsinizmi? 

Biz ailəlikcə Bakını çox sevirik, ecazkar şəhərdir. Çoxəsrlik tarixi olan Bakı həyat və iş üçün ruhlandırıcı bir yerdir. Mən həmişə hiss etmişəm ki, Bakının gələcəyi artıq böyük keçmişdən daha möhtəşəm olacaqdır. Pakistanın İkbal Bano adlı müğənnisi Nizami Gəncəvinin şerlərini oxuyurdu və bununla əlaqədar mən həmişə Gəncəyə qarşı həssaslıq hiss etmişəm. Azərbaycan mətbəxi heyrətamizdir. Mən, xüsusilə təzə çörək, bal və şor ilə səhər yeməyi sevirəm.

 

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər