330x110
 

Naxçıvana uçuşların sayının artırılması məqsədəuyğun olardı – Deputatdan təklif

21.07.2020,12:09


21 iyul, Fineko/abc.az. Türkiyə daxil olmaqla xeyli sayda ölkələr yerli uçuşları artıq bərpa ediblər. Ölkəmizdə də daxili uçuşlardan paytaxt ilə Naxçıvan arasındakı hava əlaqəsi bərpa olunsa da, reyslərin az olması səbəbindən bu imkandan istifadə edənlərin sayı hələ də məhduddur.

Belə ki, Bakıdan Naxçıvana uçuşlar həftədə 1 gün və ya 4 dəfə həyata keçirilir.

ABC.AZ-ın məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov deyib.

O qeyd edib ki, hər uçuş zamanı 100, həftə ərzində maksimum 400, ayda isə 1600 vətəndaşımız paytaxtdan Naxçıvana təyyarə ilə gedə bilir.

"Bizdə olan müraciətlər göstərir ki, hazırda hər iki istiqamət üzrə getmək istəyənlərin sayı kifayət qədər çoxdur. İlkin qiymətləndirmələrə görə, ilk sərt karantin tətbiq olunduqdan sonra Bakıda qalan 6 mindən çox vətəndaşımız Naxçıvana getmək barədə müraciət edib. Ayda ən çox 1600 sərnişinin bu uçuş xətlərindən istifadə etməsinin mümkünlüyünü nəzərə aldıqda indi Bakıdan Naxçıvana getmək istəyən vətəndaşımızın bir qismi oktyabr və hətta noyabr ayı üçün yer sifariş etdirmək məcburiyyətində qalıblar. Yəni, reyslərin sayı artırılmasa, bəzi vətəndaşlarımıza uçuş növbəsi 3-4 aydan sonra çatacaq" deyə deputat bildirib. V. Bayramov problemin aradan qaldırılması üçün təklif irəli sürüb: "AZAL-ın təyyarə parkının imkanlarını nəzərə aldıqda uçuşların sayının və günlərinin ən azı 2 dəfə artırılması məqsədəuyğun olardı. Təyyarə ilə uçmaq istəyən vətəndaşlar  koronavirusa yoluxmamaq haqqında arayış tələbinə və eləcə də getdikləri yerdə bəlli müddətdə özünütəcridə əməl etmək şərti ilə uçuşlardan istifadə edə bilərlər. Bu, bir tərəfdən virusun yayılmasının qarşını alacaq, digər tərəfdən isə Bakı ilə Naxçıvan arasındakı hava nəqliyyatının mərhələli şəkildə tam bərpasına imkan yaradacaq".

Müəllif: Elmir Murad