ABŞ-da ermənilər azərbaycanlılara hücum edib – Yaralılar var- FOTO

10:24 - 22.07.2020


22 iyul, Fineko/abc.az. İyulun 21-də Los Ancelesdə yaşayan erməni daşnakları Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.

ABC.AZ-ın məlumatına görə, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri yüzlərlə ermənin qarşısına çıxaraq, onların bu təxribatına mane olublar.

Radikal erməni daşnakları həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Belə ki, onlar idarə etdikləri avtomobillərdən azərbaycanlılara təhqirlər yağdırıblar və onlardan bir neçəsi avtomobillərini həmyerlilərimizin üzərinə sürməyə çalışıb. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Los Anceles Polis idarəsinin əməkdaşları onların ətrafına düzülüb. Ermənilərin artan aqressiyasını görən Baş Konsulluq həmyerlilərimizin təhlükəsiz şəkildə oradan uzaqlaşdırılması məqsədilə dərhal avtobus şirkətlərilə əlaqə saxlayaraq, avtobus təşkil edilməsi prosesinə başlayıb. Ancaq 15 dəqiqə sonra Los Anceles polisi icma üzvlərimizə onların təhlükəsizliyini təmin edə bilməyəcəklərindən ehtiyat etdiklərini bildirərək, onları polisin müşayiəti ilə həmin yerdən uzaqlaşdırmağa başlayıb. Ancaq təəssüf ki, daşnaklar həmyerlilərimizə bu anda hücum edərək, onlara müxtəlif bədən xəsarətləri yetiriblər. Nəticədə biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif xəsarətlər alıb. Baş konsul Nəsimi Ağayev xəstəxanaya gedərək, xəsarət alan həmyerlilərimiz ilə görüşərək, erməni cinayətkarların məsuliyyətə cəlb olunmaları üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib. 

Hadisədən dərhal sonra baş konsul Los Anceles Polis idarəsinin rəisi Michel Moore ilə əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verib və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirib. Qeyd olunub ki, öncədən Los Ancels Polisi icmamızın keçirdiyi bu əks-nümayişdən xəbərdar olub və Baş Konsulluğa nümayişçilərin təhlükəsizliyinin tam təmin olunacağına zəmanət verib. Ancaq nümayiş günü Los Anceles Polisi tərəfindən adekvat tədbirlər görülmədiyindən bu hadisə baş verib. M.Moore baş konsuldan baş verən bu hadisəyə görə dəfələrlə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd edib.

 


Bütün xəbərlər