Ödənişli xidmətlər azalsa da, bu sahələrdən vergi daxilolmaları artır – Vüsal Qasımlı

15:55 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Azərbaycanda iqtisadiyyatın leqallaşması prosesi gedir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu ilin 6 ayında dövlət büdcəsinin icrasına dair məlumat Maliyyə Nazirliyinin məlumatını şərh edərkən deyib.

O qeyd edib ki, bu ilin ilk yarısında iqtisadiyyatın 2,7 faiz geriləməsinə baxmayaraq, dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artıb: "ÜDM deflyatorunu da nəzərə alsaq, büdcə gəlirlərinin artımı daha çox iqtisadiyyatın “ağardılması” ilə bağlıdır. İlin birinci yarısında vergi orqanları proqnoza 326,6 milyon manat və ya 8,9 faiz çox əməl ediblər. Özü də qeyri-neft sektorundan vergi daxilolmaları 367,7 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çox olub. Pərakəndə ticarət dövriyyəsi 1,8 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər 19,2 faiz azaldığı halda, bu sahələrdən vergi daxilolmaları artır. İqtisadiyyatın “kölgə”dən çıxarılması tikinti və ictimai iaşə sahələrində də davam edir. Elektron qaimə dövriyyəsinin, ƏDV depoziti hesabına mədaxilin, özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığının, qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondunun və elektron ticarətin həcminin artması da kölgə iqtisadiyyatının həcminin azalmasına dəlalət edir”.

 

Bütün xəbərlər