Tovuz istiqamətində baş vermiş gərginlik Ermənistanın əvvəlcədən planlaşdırdığı təxribatı idi - Leyla Abdullayeva

10:19 - 24.07.2020


24 İyul, Fineko/abc.az. Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səsləndirilən fikirlər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə növbəti zərbədir.

ABC.AZ xəbər verir ki, bunu Azərbayacan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, bununla, Ermənistanın rəhbərliyi danışıqlar prosesini dayandırmaq istəyir: "Onun əvvəlki dövrlərdə də səsləndirdiyi çıxış və bəyanatları göstərir ki, Ermənistan danışıqlar prosesinə qarşıdır, danışıqların formatının dəyişdirilməsi iddiası ilə çıxış edir. Lakin, danışıqların formatı dəyişdirilə bilməz. Ermənistanın işğalçı və təcavüzkar dövlət olaraq danışıqlara qeyd-şərt qoyması cəhdləri qəbuledilməzdir.

N.Paşinyanın çıxışında danışıqların mahiyyətinə zidd şəkildə xalqların öz müqəddəratını müəyyən etməsi prinsipindən danışmasına gəldikdə isə, bu növbəti dəfə danışıqların formatını pozmaq və təhrif etmək cəhdidir.

Ermənistanın bu kimi mövqeyi danışıqlardan boyun qaçırmaq kimi qiymətləndirilməlidir və ATƏT-in Minsk Qrupunun həmsədrləri buna müvafiq qiymət verməlidirlər. Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində baş vermiş gərginlik bilavasitə Ermənistanın əvvəlcədən planlaşdırdığı təxribatı idi.

Ermənistan baş naziri öz çıxışında, həmçinin Türkiyəyə qarşı əsassız iddialar irəli sürür. Türkiyə bölgədə sabitliyə və təhlükəsizliyə töhfə verən dövlətdir. Türkiyə ATƏT-in Minsk Qrupunun üzv ölkələrindən biridir.

Bölgədə sülh, sabitlik və təhlükəsizliyə təhdid yaradan isə məhz N.Paşinyan və onun yürütdüyü siyasətdir. Regionda baş vermiş gərginliyə görə bütün məsuliyyət şəxsən N.Paşinyanın üzərinə düşür".

 

Bütün xəbərlər