Koronavirusla mübarizə üçün Azərbaycana həkimlər gətirildi – Türkiyədən

28.07.2020,14:14


28 iyul, Fineko/abc.az. Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə daha bir qrup əcnəbi tibb mütəxəssisi Azərbaycana dəvət edilib. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, Türkiyənin “Acıbadem” xəstəxanalar və tibb mərkəzləri qrupundan cəlb olunan mütəxəssislər xəstəliyin müalicəsində geniş təcrübə qazanmış yüksəkixtisaslı həkim və tibb bacılarından ibarətdir. 

Türkiyədən dəvət edilmiş həkim və tibb bacıları ölkəmizdə koronavirusla mübarizəyə ayrılmış “Yeni Klinika” tibb müəssisəsində olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar. Onlar koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsində yerli mütəxəssislərə dəstək olacaqlar.