Qusarda 14 yaşayış məntəqəsini əhatə edəcək yol çəkilir

11:28 - 4.08.2020


4 avqust, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunda yenidənqurma işləri davam etdirilir.

Agentlikdən ABC.AZ-a bildirilib ki, Cibir–Həzrə–Mucuq–Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 kilometrdir. Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir. Hazırda anoloji yenidənqurma işləri yolun 34,4 kilometr uzunluğa malik Sudur istiqamətində həyata keçirilir. Bu istiqamətdə yol 4-cü texniki dərəcə olmaqla 24,4 kilometri asfalt-beton, 10 kilometri çınqıl örtük olmaqla inşa edilir.

Ümumilikdə 140 min kvadratmetrdən çox sahənin asfaltlanması, 100 min kvadratmetr sahənin isə optimal-çınqıl qarışığı ilə örtülməsi nəzərdə tutulub. Bundan başqa vətəndaşlar üçün kənd ərazilərində 9 yerdə avtobus dayanacaqları tikiləcək.

Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 8 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

 

Bütün xəbərlər