330x110
 

Bu sahibkarlara maliyyə dəstəyi göstəriləcək – Detallar

05.08.2020,11:34


5 avqust, Fineko/abc.az. Azərbaycan hökuməti özəl sektora yeni maliyyə dəstəyi ayıracaq.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir. 

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. 

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir.