330x110
 

“AccessBank”ın simaları : İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Zəhra Zeynalova: “Xanımlar işlərinə daha sadiqdirlər”

07.08.2020,16:02


7 avqust, Fineko/abc.az.   Bizim bugünkü müsahibimiz “AccessBank”ın İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Zəhra Zeynalovadır.

 

İT sektorunda işləyən qadınlar barmaqla sayılacaq qədər azdır. Siz isə qadınlar üçün yad bir sahədə həm də departament rəhbərisiniz. Qadınları bu sahədən aralı salan amillər hansılardır? 

Yəqin bu səbəbdəndir ki, mən məhz “AccessBank”ın İnformasiya Texnologiyaları Departamentinin rəhbəriyəm. Bankımızda qadının rəhbər vəzifə tutması artıq çoxdandır ki, heç kimdə təəccüb doğurmur – bu, İnformasiya Texnologiyaları Departamentinə də aiddir. Departamentimizin əməkdaşlarının 30%-i zərif cinsin nümayəndələridir və sizi əmin edirəm ki, bunun da öz üstünlükləri var. Bildiyiniz kimi, texniki mütəxəssislər iş yerlərinə o qədər də sadiq olmurlar və zərif cinsə mənsub əməkdaşların komandaya cəlb edilməsi sadiqlik səviyyəsini qaldırır. Çünki xanımlar öz seçimlərinə daha sadiqdirlər.  

 

İndi isə bir qədər də amillərdən danışaq. İnformasiya texnologiyaları sırf kişi sahəsi hesab olunur. Çoxsaylı tədqiqatlar göstərir ki, IT sahəsindəki bərabərsizlik təhsil sisteminin nəticəsidir. Bizdə qızları texniki sahələrdən daha çox tibb və ya pedaqoji universitetlərə istiqamətləndirirlər ki, bu da sonda İT sahəsində kişilərin dominatlığına səbəb olur. Amma informasiya texnologiyaları hazırda ən dinamik və perspektivli sahə olduğundan, cinsindən və yaşından asılı olmayaraq, hər kəs üçün cəlbedici görünür.  Əminəm ki, yaxın illərdə bu dinamika yaxşılaşacaq və xanımlarımız informasiya texnologiyalarının bütün sahələrində özlərini tapa biləcəklər. 

 

“AccessBank”da İT mütəxəssisi olmaq nə deməkdir? Ümumiyyətlə, niyə “AccessBank”? Bankda ilk iş gününüzü necə xatırlayırsınız?

Bankdakı karyerama İnformasiya Texnologiyaları Departamentində başlamamışam. Hər şey klassik qaydada baş verib. İllər əvvəl Azərbaycan Mikromaliyyələşdirmə Bankının Mərkəzi Filialının Müştəri Xidmətləri Şöbəsində işə qəbul oldum. İlk iş günümdə - o zaman 22 yaşım vardı – təsəvvür edirdim ki, səhərdən axşamadək pul sayaraq onları lentlə sarıyan “yaşlı əmilər və xalalar” görəcəyəm... Sonradan başa düşdüm ki, bu pul bağlamaları “banderol” adlanır ☺ Mənim ehtimallarıma rəğmən, hər şey tamamilə başqa cür oldu. Bankda ilk iş günümdən etibarən ətrafımda gənc, inadkar və ən əsası, nikbin kollektiv olduğunu gördüm. Bankımızda əcnəbi şirkətlərə məxsus demokratik korporativ ruh xüsusən cəlbedici məqamdır. Karyeramda dəyişim nöqtəsi isə Bankın yeni ABS sisteminə keçməsi oldu və məhz o zaman informasiya texnologiyaları məni özünə cəlb etdi. Elə cəlb edib ki, indiyədək də buraxmır ☺. 

 

Bəs “AccessBank”da İT mütəxəssisi olmaq nə deməkdir? Bizim İT komandamızda çalışan hər kəs müştəriyə yönümlü düşünür. Əmək fəaliyyətimə müştəri xidmətləri şöbəsində başlamağım da buna təsir göstərir. Layihələrin işlənib hazırlanmasında biz “аgile”, “scrum”, “waterfall” kimi müxtəlif metodologiyalardan istifadə edirik və bu metodikaların dəbdə olub-olmamasının fərqi yoxdur - əsas odur ki, nəticəsi olsun ☺. Bizim çox mehriban kollektivimiz var – mən hətta bu kollektivi “ailə” adlandırardım. Kollektivimiz açıq məkan şəraitində çalışır və bu, ünsiyyət prosesini qat-qat asanlaşdırır. Bizdə qalstuk taxmaq qaydası yoxdur ☺ Buna görə də işin səmərəliliyini artıran rahat geyim üslubuna üstünlük verilir. “AccessBank”da əməkdaşın peşəkar inkişafı daim dəstəklənir və buna xüsusi diqqət ayrılır. Bizdə mövcud məhsulları təkmilləşdirməyə, yaxud müştərilərimiz üçün yeni məhsul yaratmağa kömək edəcək təşəbbüs və ideyalar daim dinlənilir. 

 

İT kimi çətin işin öhdəsindən gələn xanım üçün ev işləri nə dərəcədə maraqlıdır?

Mənim üçün ev işləri həmişə maraqlı olub və bu işlərə kifayət qədər vaxt ayırmağa çalışmışam. Ailəmizdə üç kişi var (həyat yoldaşım və iki oğlum), buna görə də evdə mənim “iş matriarxatım” qüvvədən düşür ☺. Onların qurman olduğunu və şirniyyatı çox sevdiklərini nəzərə alaraq, onlar üçün dadlı yeməklər və xüsusən də, desertlər hazırlayıram. Dərslərdən və işdən sonra ailəlikcə masaüstü oyunlar oynamağı sevirik. Son zamanlar karantin rejimini nəzərə alaraq buna daha çox vaxt ayırırıq. İndi evimizdə hər zövqə uyğun masaüstü oyunlar kolleksiyası var.

 

Ailəmizdə İT mütəxəssisi təkcə mən olmadığımdan, həyat yoldaşımla ümid edirik ki, övladlarımız da bizim seçdiyimiz yolu davam etdirəcəklər və ölkədə rəqəmsal inkişafa töhfə verəcək mütəxəssislərin sayı daha çox olacaq ☺ 

 

Pandemiya dönəmində Bankda işi artan departamentlərdən biri, bəlkə də birincisi İT Departamenti oldu. Bu dönəmin öhdəsindən departament olaraq necə gəldiniz? Əldə etdiyiniz nəticələrdən razı qaldınızmı?

Düşünürəm ki, komandamız vəzifələrinin öhdəsindən layiqincə gəlir. İlk növbədə, əməkdaşlarımızın təhlükəsizliyini və eyni zamanda, bankın əməliyyat fəaliyyətini təmin etmək lazım idi. İnformasiya Texnologiyaları Departamentinin rəhbəri kimi, mənim üçün yeni şəraitdə fasiləsiz işin təmin edilməsi, eyni zamanda, həm bir sınaq, həm də cari infrastrukturun inkişafı üçün bir şans idi. Bizim üçün əsas aspektlər, ilk növbədə, Bankın əsas İT sistemlərinin fəaliyyətinin təmin olunması və daxili istifadəçilərin dəstəklənməsi, ikincisi – məsafəli işin təşkili, üçüncüsü isə müştərilərlə işin təkmilləşdirilməsi idi.

 

Beləliklə, artıq ilk həftə ərzində əməkdaşların əsas hissəsi məsafəli iş rejiminə keçirildi. Başa düşdüyünüz kimi, bizim departamentin əməkdaşları üçün “məsafəli işi” təşkil etmək hamıdan asan və tez başa gəldi ☺, çünki departamentimiz üçün bu, adi prosedurdur. Digər departamentlərin əksər əməkdaşları üçün isə bu, gözlənildiyi kimi, qeyri-adi bir rejim oldu – buna görə də ilk günlər bizim “HelpDesk” çoxsaylı müraciətlər qəbul edirdi. Düşünürəm ki, komandamız bu sınağın öhdəsindən layiqincə gəldi və həmkarlarımızın bütün sorğuları həllini tapdı.

Həmkarlarımız da bizə çox kömək etdilər – İT korporasiyalar tamamilə pulsuz, yaxud son dərəcə endirimli qiymətə müxtəlif mühüm sistemlər, o cümlədən təşkilatdaxili əlaqələri dəstəkləyən sistemlər – korporativ çat, audio və videokonfrans sistemləri təklif etdilər.

 

Başa düşdüyümüz kimi, cari vəziyyət hakerlər üçün gözəl fürsətdir və onlar bu fürsətdən mütləq istifadə etməyə çalışacaqlar. Bu dövrdə təhlükəsizliyi təmin etmək üçün əsas vəzifə bankımızın müştərilərini dələduzlardan qorumaqdır. Buna görə də, departamentimizin vəzifəsi əməkdaşları mühafizə etməkdən və onları əlavə qoruyucu vasitələrlə təmin etməkdən ibarət idi – buraya etibarlı VPN qovşağı və fayl mübadiləsi vasitələri daxildir. Həmçinin, korporativ resurslara qoşularkən onların etibarlı identifikasiya prosesini təmin etmək lazım idi. Bundan əlavə, unutmamalıyıq ki, dələduzluğun ən çox yayılmış növü sosial mühəndislikdir, buna görə də təkcə infrastrukturu mühafizə etmək kifayət deyil. Buna görə də bütün əməkdaşlar üçün təhlükəsizlik siyasəti və qaydaları haqqında xatırladıcı təlimlər keçirilir – onlar gündəlik işində bu siyasət və qaydalara mütləq şəkildə riayət etməlidirlər.

 

Sonuncu və ən əsas amil isə müştərilərlə işdir. Hazırki vəziyyətdə rəqəmsal qarşılıqlı əlaqə platformalarına tələbat yüksəkdir. Cari durumda terminal şəbəkəyə, eləcə də əlaqə mərkəzinə çoxsaylı sorğular daxil olur. Buna görə də bu kanalların fasiləsiz işinin təmin olunması bizim əsas vəzifəmizdir. Bundan əlavə, müştərilərə lazım olan bank xidmətlərinin böyük bir hissəsi elektron bankçılıq platforması və “myAccess” mobil tətbiqi vasitəsi ilə təqdim olunur və müştərilər evdən çıxmadan bu vasitələrdən istifadə edə bilirlər. 

 

Açar sözlər: Accessbank