330x110
 

Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib

08.08.2020,11:45


8 avqust, Fineko/abc.az.   Cari ilin iyul ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 650,1 min barrel olub.

Bu barədə ABC.AZ-a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, bunun 554,1 min barrelini xam neft, 96 min barrelini isə kondensat təşkil edib. Xam neftin 435,1 min barreli “Azəri-Çıraq-Günəşli”, 119 min barreli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.

 

“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 mln. barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan iyulda sutkada xam neft hasilatını 163,9 min barrel azaldıb. 

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 164 min barrel azaltmaqla 554 min barrel həcmində saxlamalı idi. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min barreldən azaldılaraq 434 min barreldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 120 min barrel həcmində saxlanılmalı idi.  

Qeyd edək ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 9,7 mln. barrel azaldılması ilə bağlı birinci mərhələsi iyulun 31-də başa çatıb. Razılaşmanın 1 avqust- 31 dekabr tarixlərini əhatə edən ikinci mərhələsində “OPEC plus” ölkələri üzrə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr səviyyəsindən 18% az olmaqla 7,7 mln. barrel azaldılacaq. Bu dövrdə Azərbaycan müvafiq olaraq gündəlik xam neft hasilatını 131 min barrel azaldaraq 587 min barrel həcmində saxlamalıdır. Başqa sözlə, bu müddətdə Azərbaycanın gündəlik xam neft hasilatı ilə bağlı məhdudiyyətləri əvvəlki üç ayla müqayisədə 33 min barrel azalacaq.