330x100
 

Azərbaycanda orta aylıq əməkhaqqı 720 manat təşkil edib

12.08.2020,12:35


12 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 23% artaraq 720 manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

İyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 81,4 min nəfər və ya 5% artaraq 1695,1 min nəfər olub. Onlardan 922,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,5%-i təhsil, 18% ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,2%-i tikinti, 8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.