Edvgerial.az portalında 5,9 milyon manat istehlakçılara geri ödənilib

12:35 - 13.08.2020


13 avqust, Fineko/abc.az. Vətəndaşlar tərəfindən 20,6 milyondan çox kassa çeki barədə məlumat edvgerial.az portalında qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Məmməd Quliyev deyib.

Onun sözlərinə görə, həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 9,8 mln. manat təşkil edir.

“Artıq təsdiq olunan çeklər üzrə 5,9 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan məbləğ isə geri ödənilmə müddəti üzrə gözləmədədir”, - deyə M. Quliyev qeyd edib.

Xatırladaq ki, bu ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi həyata keçirilir. Bu sistem vasitəsilə, həmçinin, supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınan mallara, göstərilmiş xidmətlərə görə də ödənilmiş ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılır.

 

Bütün xəbərlər