Cari ildə “Şahdəniz” yatağından qaz hasilatı artıb

16:02 - 13.08.2020


13 avqust, Fineko/abc.az. Bu ilin ilk altı ayında “Şahdəniz” qaz-kondensat yatağının “Alfa” və “Bravo” platformalarından birlikdə təqribən 9,4 mlrd kubmetr qaz və 1,9 mln ton (15,4 mln barel) kondensat hasil edilib.

Bu barədə ABC.AZ “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir.

Bu ilin I yarısında “Şahdəniz” yatağından qaz hasilatı ötən ilin müvafiq dövründən 11,9%, kondensat hasilatı isə 6,9% artıb.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 mln (ildə 20 milyarddan artıq) kubmetrdir.

Bildirilib ki, ilin ikinci rübü ərzində “Şahdəniz 2” komandası “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə sualtı quraşdırma işlərini davam etdirib. “Şahdəniz Bravo” platforması və şərq-cənub cinahı arasında axın xətlərinin mexaniki quraşdırılması “İsrafil Hüseynov” borudüzmə gəmisi vasitəsilə yerinə yetirilir. “Şahdəniz 2” layihəsi çərçivəsində 2021-ci ildə yatağın şərq-cənub cinahından hasilatın başlanması üçün bütün işlər plana uyğun davam edir.

 

Bütün xəbərlər