330x110
 

Merkel Belarusda vətəndaşlara qarşı olan zorakılığı pisləyib

14.08.2020,15:07


14 avqust, Fineko/abc.az. “Kansler minlərlə dinc etirazçının saxlanılmasını pisləyir. O, saxlanılanlara qarşı zor tətbiq edildiyindən sarsılıb. O, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir”.

ABC.AZ Report-a istinadla  xəbər verir ki, bunu Almaniyanın Nazirlər Kabinetinin sözçüsü Şteffen Zaybert bildirib.

“Belarusda fundamental haqların ayaq altında qalması qəbuledilməzdir. Bizim nöqteyi-nəzərdən insan haqlarını pozmaqda məsuliyyət daşıyanlara qarşı sanksiyalar da tətbiq edilməlidir”, - o vurğulayıb.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.