Karantin qaydalarını pozaraq fəaliyyət göstərən uşaq bağçası cərimələnib

15:24 - 14.08.2020


14 avqust, Fineko/abc.az. Paytaxtın Səbail rayonunun Lermontov küçəsi 119 ünvanında yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.

Bu barədə ABC.AZ-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları məlumat daxil olan kimi həmin ünvana yollanıblar. Baxış zamanı ünvanda yaşayan Cahan Kərimovanın karantin qaydalarını kobud sürətdə pozaraq bağça təşkil etdiyi məlum olub. Mənzilə baxış zamanı 10 azyaşlı uşaq müəyyən edilib və onlar valideynlərinə təhvil veriliblər.

Bağçanın sahibinə polislər tərəfindən ciddi xəbərdarlıq edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, cərimələnib.

 

Bütün xəbərlər