Qonşu ölkədə dərslər sentyabrın 15-də başlayacaq

16:34 - 14.08.2020


14 avqust, Fineko/abc.az. Sentyabrın 15-də Gürcüstanda ölkə üzrə 2 min 84 orta məktəbdə yeni tədris ili başlayacaq.

Bununla əlaqədar Gürcüstan Təhsil Nazirliyi məktəblərlə bağlı vacib tövsiyələr hazırlayıb. Tövsiyələrə əsasən şagirdlər arasında 1 metrlik sosial məsafə olacaq. Şagirdlərdən başqa, məktəb binasına daxil olan bütün şəxslər – müəllimlər, tərbiyəçi və texniki işçilər tibbi maska taxmalıdırlar. Məktəb binasına daxil olan zaman termoskrinq və əllərin dezinfeksiyası da vacibdir.

İkinövbəli məktəblərdə növbə dəyişikliyi zamanı yarım saatlıq fasilə olacaq və ortaq istifadə edilən sinif otaqları, sanitar qovşaqlar dezinfeksiya ediləcək. Hərarəti olan və digər simptomlar daşıyan şagirdlər üçün özünütəcrid otaqları yaradılacaq.

Məktəb rəhbərlərinə şagird sayına və təchizata görə, dərs saatını müstəqil müəyyən etmək imkanı veriləcək. Dərs saatı 30 dəqiqədən az olmamalıdır.

Nazirliyin müəyyən etdiyi qaydalara əsasən ibtidai siniflərdə I, II, III və IV siniflərdə dərslərin məktəblərdə keçirilməsi vacibdir.

Bundan başqa, məktəbin imkanlarından və epidemioloji vəziyyətdən asılı olaraq V-VI siniflər üçün həftədə 1 gün, VII-XI siniflər üçün 2 gün, XII siniflər üçün isə maksimum 3 gün distant (uzaqdan) qaydada dərslər keçirilə bilər.

Ancaq bu zaman Təhsil Nazirliyi ilə əvvəlcədən razılıq əldə edilməlidir.

 

Bütün xəbərlər