330x110
 

Avropa Şurasının baş katibi Belarusdakı vəziyyətlə bağlı narahatlığını bildirib

14.08.2020,16:55


14 avqust, Fineko/abc.az. Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Belarusdakı vəziyyətlə bağlı narahatlığını ifadə edib.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının saytında məlumat verilib.

“Belarusdakı vəziyyət davamlı narahatlıq doğurur. Belarus Avropa Şurasının üzvü olmasa da, bir neçə sahədə əməkdaşlıq etmişik və Belarus bir sıra konvensiyalarımızın iştirakçısıdır. Buna görə də mən Belarus hakimiyyətini sərbəst toplaşma və ifadə azadlığına təminat verməyə, dinc nümayişçiləri həbs etməkdən və etirazçılara qarşı hər cür pis rəftardan çəkinməyə çağırıram. Belarus hökuməti vətəndaş cəmiyyəti ilə dialoq qurmalıdır və buna gecikmədən başlamaq lazımdır. Avropa Şurası və onun ekspert qurumları lazımi islahat prosesini dəstəkləmək üçün Belarusla əməkdaşlıq etməyə hazırdır", deyə baş katib bildirib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun qalib gəldiyini elan edib.