Bakıda qadınlar arasında ilk dəfə startap yarışı keçiriləcək

12:27 - 26.01.2018


Bu il “Global Startup Weekend Women” (GSWW 2018) tədbirinə Bakı da qoşulur. Bunu tədbirin yerli təşkilatçılarından biri, “NEXT Step” İnnovasiyalar Mərkəzinin direktoru Rəşad Eyvazov bildirib. “Boş durma, hərəkət et” şüarı altında keçiriləcək yarış 9-11 fevral tarixlərində baş tutacaq.

 

“Ölkəmizdə startap ekosistemi tədricən inkişaf etməkdədir və bu prosesə artıq xanımların da qoşulması zəruridir. “Startup Weekend Women” yarışı ötən il ilk dəfə Parisdə başlayıb və artıq bu il 30 ölkəni əhatə edən qlobal bir tədbirə çevrilib. Azərbaycanın bu layihəyə qoşulması qadınlar arasında startap, öz biznesini qurmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq kimi anlayışları möhkəmləndirərək, sahibkar qadınların sayını artıracaq”, - deyə Rəşad Eyvazov bildirib.

 

Tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanan ideyalar ilə sahibkar qadınlar, marketoloqlar, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startaplar yaradacaq və münsiflər heyəti qarşısında təqdimat edəcəklər. Yarışın qalibi olan ideya isə mart ayında Parisdə keçiriləcək Böyük Finala göndəriləcək və “Next Step” İnnovasiyalar Mərkəzinin Sup.az akselerasiya proqramında iştirak etmək imkanı qazanacaq. Maraqlı faktlardan biri də odur ki, bu tədbirin qlobal siması dünya şöhrətli ulduz Emma Uotsondur və Böyük Finalda onun da iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, “Global Startup Weekend Women” tədbirinin baş sponsoru qismində “Azər Türk Bank” Dövlət Bankı, sponsoru qismində isə “EY Azərbaycan” şirkəti çıxış edir. Tədbirin dəstəkçiləri arasında ADA Universiteti, “ATL Group”, “Khazar Ventures”, “Tandem”, “Özsüt” restoranlar şəbəkəsi, “Pizza Mizza” və digərləri yer alır.

 

Qalib komandanı mütəxəssislərdən ibarət münsiflər heyəti seçəcək ki, bura Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu, ABŞ-ın Azərabycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Karolin Savac (Caroline Savage), “Red Communications” şirkətinin təsisçisi Tatyana Mikayılova və Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdəki nümayəndəsi Aliyə Əzimova daxildir. Üç gün ərzində iştirakçılar mentorlardan biznes sahəsinə aid məsləhətlər və tövsiyələr alacaqlar.

 

Yarış haqqında ətraflı məlumatı və proqramı rəsmi internet səhifəsindən əldə edə bilərsiniz: http://communities.techstars.com/azerbaijan/baku-azerbaijan/startup-weekend/12361#event-overview

 

Onlayn qeydiyyat: https://www.eventbrite.com/e/global-startup-weekend-women-baku-tickets-41546778533

 

Oflayn qeydiyyat üçün “Next Step” İnnovasiyalar Mərkəzinə yaxınlaşa bilərsiniz. Ünvan: “AF Business House”, Nizami küç., 203B (Səməd Vurğun heykəlinin yaxınlığında).

E-mail: [email protected]

Suallarınızı “Baku Startup Weekend”in “Facebook” səhifəsinə ünvanlamaq mümkündür.

Bütün xəbərlər