Caspian Energy Club Himalay Məmişovun iştıraki ilə ONLAYN B2G FORUM təşkil edib

11:14 - 20.08.2020


20 avqust, Fineko/abc.az.  Caspian Energy Club-un Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə birgə təşkil etdiyi ənənəvi Online B2G Forum çərçivəsində COVİD-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.

Bu barədə Caspian Energy Club-un  sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Himalay Məmişov, əmək pensiyaları və sosial müavinətlərin proaktiv təyinatı, pensiya və müavinətlərin əhaliyə çatdırılması istiqamətində qanunvericiliyə edilən dəyişikliklər və minimum pensiyaların və müavinətlərin iki dəfəyə qədər artırılması barədə məlumat vermiş, Fondda aparılan struktur islahatları, Fondun publik hüquqi şəxsə çevrilməsi, Fondun fəaliyyətinin regional əsasda təşkili, pensiya, müavinətlərin təyinatı və ödənilməsi, fərdi uçotun və məhkəmələrdə müdafiənin təşkilinin mərkəzləşdirilməsi istiqamətində aparılan islahatlar barədə çıxış etmişdir. O, sosial ödənişlərin təyinatına nəzarətin gücləndirilməsi, eləcə də təyin olunmuş məbləğin qanunvericiliyə uyğunlaşdırılması və əsassız ödənişlərin sitemdən çıxarılması hesabına təxminən 238 milyon manata qənaət edilərək əlavə ehtiyat vəsaitinin formalaşdırılması və bu ilki büdcə dürüstləşməsi çərçivəsində digər sosial ödəniş xərclərinin qarşılanması məqsədi ilə bu vəsaitin dövlət büdcəsinə geri qaytarılmasından danışıb.

2 saatadək davam edən forumda iştirakçıların sualları Fondun idarə heyətinin sədri Himalay Məmişov tərəfindən cavablandırılaraq, sığortaolunanlara məcburi dövlət sosial sığorta hesabına verilən müavinətlərin ödənilməsi üçün sığortaedənlər tərəfindən edilən müraciətlərə dair məsələlər müzakirə edilib.

B2G Forumda ölkənin aparıcı şirkətləri təmsil olunub. Onları maraqlandıran məsələlərə ydınlıq gətirilib. Geniş müzakirə şəraitində keçən forumda əmək pensiyalarının və sosial müavinətlərin proaktiv təyinatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna minnətdarlığını bildirib.

Telman Əliyev Caspian Energu Club ilə Dövlət Sosial Müdafiə Fondu arasında daimi işçi qrupunun yaradılması təşəbbüsünün dəstəklənməsini xahiş edib. İşçi qrupunun yaradılmasında məqsəd biznes nümayəndələri ilə dövlət qurumları arasında daimi dialoqun qurulması və intensivləşdirilməsi, həmçinin biznesi maraqlandıran sualların və təkliflərin operativ cavab verilməsidir.

Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 000  artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialqoların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq CEO Brunch, CEO Lunch, Business Tour və digər müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar keçirilir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Bütün xəbərlər