330x110
 

Dövlət Neft Fondunun büdcəsinə ediləcək dəyişikliklər müzakirə edilib

21.08.2020,09:56


21 avqust, Fineko/abc.az. Avqustun 20-də Baş Nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə şuranın videoformatda növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən ABC.AZ-a bildiriblər ki, iclasda Dövlət Neft Fondunun 2020-ci ilin yeddi ayı ərzində fəaliyyətinin yekunları və fondun 2020-ci il üçün büdcəsinə ediləcək dəyişikliklər müzakirə edilib.

Dünya bazarında neftin qiymətinin dəyişməsi, OPEC+ anlaşması üzrə hasilatın azalması və dövlət büdcəsinin dürüstləşməsi ilə əlaqədar Neft Fondundan büdcəyə əlavə transfert edilməsi Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinə də yenidən baxılması zərurətini yaradıb.

Dövlət Neft Fondunun büdcəsinə dəyişikliyi nəzərdə tutan layihə Müşahidə Şurası tərəfindən məqsədəmüvafiq hesab olunub və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib.