İlham Əliyev: Biz maksimum öz enerji potensialımızdan istifadə edirik və etməliyik

14:32 - 21.08.2020


21 avqust, Fineko/abc.az. “Hesab edirəm ki, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıb. Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir.”.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 21-də “Qobu” Elektrik Stansiyasının təməlinin atılması ilə bağlı tədbirdə çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, biz maksimum öz enerji potensialımızdan istifadə edirik və etməliyik: “Bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İlin əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanıb.

440 meqavat gücündə bərpaolunan enerji növlərinin Azərbaycanda yaradılması, özü də Azərbaycan dövləti tərəfindən bir manat pul qoyulmadan reallaşdırılması bizə olan inamın təzahürüdür, Azərbaycanın gələcəyinə, sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür”.

 

Bütün xəbərlər