AKB kredit təşkilatlarına yeni xidmət təqdim edib

15:41 - 28.08.2020


28 avqust, Fineko/abc.az. Azərbaycan Kredit Bürosu (AKB) 24 avqust 2020-ci il tarixindən yeni kredit skorinq xidmətini əməkdaşlıq etdiyi təşkilatların istifadəsinə təqdim edib.

ABC.AZ Büroya istinadən xəbər verir ki, proqnozlaşdırma gücü kifayət qədər yüksək olan (Gini əmsalı – 66.3) bu model AKB ilə Türkiyənin “Kredi Kayıt Bürosu”nun (KKB) birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Təqdim olunmuş yeni xidmət AKB-də kredit tarixçəsi subyektləri haqqında toplanmış məlumatların təhlilinə əsasən borcalan davranışlarının öyrənilməsini və əldə edilən nəticələr əsasında fərdi reytinqlərin verilməsini həyata keçirir.

Yeni kredit skorinq xidməti kredit təşkilatlarında qiymətləndirmə prosedurlarının sadələşdirilməsində, əməliyyat xərclərinə qənaət edilməsində, kredit risklərinin azaldılmasında, habelə borcalanın maliyyə intizamının möhkəmləndirilməsində mühüm rol oynayacaq. Belə ki, bu xidmətdən istifadə edən təşkilatlar borcalanın keçmiş kredit məlumatlarına əsasən onun gələcək defolt ehtimalını hesablayıb, yeni kredit əldə etməsinə uyğunluğunu müəyyən etmək imkanı əldə etmiş olacaqlar.

Yeni servisin skor şkalası 1-1000 arasında olacaq.

Qeyd edək ki, AKB ölkənin qabaqcıl 8 bankı tərəfindən 2018-ci ildə təsis edilib. Cari dövrə AKB-nin əməkdaşlıq etdiyi təşkilatların sayı 137-yə çatıb.

 

Bütün xəbərlər