330x110
 

Bank VTB (Azərbaycan) sahibkarlara dəstək dövlət proqramlarına qoşulub

28.08.2020,16:30


28 avqust, Fineko/abc.az. Bank VTB (Azərbaycan) İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın inkişafı fondu ilə birgə COVİD-19 pandemiyasından zərər çəkmiş sahibkarlara dəstək proqramları üzrə işə başlayıb.

Birinci proqram kredit məbləğinin 60%-dək həcmində dövlət zəmanətinin təminatı ilə güzəştli kreditlərin verilməsini nəzərdə tutur. Faiz dərəcəsi 15%-dək təşkil edir və bunların 50%-i Fond tərəfindən subsidiyalaşdırılır. Belə ki, sahibkarlar üç il müddətinə illik 7,5 % ilə maliyyələşmə əldə edə bilər. Müştərilərin rahatlığı üçün kredit üzrə müraciəti onlayn rejimdə elektron portal  https://e-edf.gov.az vasitəsilə etmək mümkündür.

 

İkinci proqram çərçivəsində bank 10 mart 2020-ci il tarixinədək verilmiş cari kreditlər üzrə faiz subsidiyası təqdim edir. Subsidiya kreditin müqavilə üzrə qüvvədə olan faiz dərəcəsinin 10 faizlik bəndini kompensasiya etməyə imkan verir. Kreditin illik faiz dərəcəsi 10%-dən aşağı olduğu halda isə, subsidiya kreditin tam faiz dərəcəsi həcmində verilir. Subsidiya ödənilmiş və ya ödənilməmiş faizlər üzrə,  2020-ci ilin mart ayından kredit öhdəliyinin icra müddətinin sonuna kimi, ancaq  2021-ci ilin fevral ayından gec olmayan  müddətə verilir.

 

“Biznesə dəstək proqramlarının hazırlanması pandemiyanın iqtisadi sabitliyə neqativ təsirlərini minimuma endirmək istiqamətində atılan mühüm addımdır. Bank VTB (Azərbaycan) sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Biz Sahibkarlığın inkişafı fondu ilə birgə pandemiyada zərər çəkmiş biznesə yardım etməyə hazırıq. Bu proqramlar sahibkarlara maliyyə yükünü azaltmağa və çətin dövrü az itkilərlə keçməyə imkan verəcək“ – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, Korporativ biznesin inkişafı departamentinin rəhbəri Yasin Cəlilov bildirib.

 

COVİD-19 pandemiyasında zərər çəkmiş biznesə dəstək dövlət proqramlarının imkanları barədə sahibkarları maarifləndirmək məqsədilə bank VTB (Azərbaycan) və Sahibkarlığın inkişafı fondu birgə vebinar keçirib,  müştərilərə kredit yardımının necə alınması barədə məlumat verib və sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Proqramlar haqqında əlavə məlumatı bankın saytında əldə etmək mümkündür.

 

 

Açar sözlər: VTB