330x110
 

Nazirliyin sabiq işçisi həbs olundu - Dövlətin əmlakını mənimsəyib

01.09.2020,10:38


1 sentyabr, Fineko/abc.az. Kənd təsərrüfatı nazirliyi tabeliyində fəaliyyət göstərən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Məmmədov Zaur Vaqif oğlunun qanunsuz hərəkətləri barədə həmin ASC-dən daxil olmuş müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalar nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, adıçəkilən şəxs 2019-cu il ərzində öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş cəmi 469 min 276 manat məbləğində əmlakı ASC-yə külli miqdarda ziyan vuraraq vahid niyyətlə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Məmmədov 31 avqust 2020-ci il tarixdə tutularaq istintaqa təqdim edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların aşkar edilməsi məqsədilə intensiv əməliyyat-istintaq tədbirləri davam etdirilir.