Aqrar məsləhət üçün 5 illik strategiya hazırlanır – Avropa İttifaqının dəstəyi ilə

16:45 - 2.09.2020


2 sentyabr, Fineko/abc.az. Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə beşillik strategiya hazırlanır.

ABC.AZ xəbər verir ki, layihə çərçivəsində 2 regionda – Gəncə-Qazax və Quba-Xaçmaz regionlarında pilot aqrar məsləhət xidmətləri modelləri də tətbiq edilərək hökumətə tövsiyə olunacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Rayner Freund bildirib ki, layihə çərçivəsində işlənəcək pilot aqrar xidmətləri modelləri gələcəkdə ölkədə qurulacaq modellərin necə olacağını göstərəcək.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak aqrar məsləhət xidmətləri ilə bağlı qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb: “Biz çalışmalıyıq ki, aqrar məsləhət xidmətlərinin icrası ilə bağlı tövsiyələrimiz qanunvericilik çərçivəsində öz əksini tapsın”.

Aqrar Elm və İnnovasiya Mərkəzinin İctimai informasiya və beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Yaqub Quliyev layihə ilə bağlı gözləntinin Azərbaycanda aqrar məsləhət xidməti üçün yerli şəraitə uyğun bir sistem yaradılması olduğunu bildirib: “Ən vacib məsələlərdən biri Azərbaycanda aqrar məsləhət xidməti göstərənlər arasında əlaqə qurulmasıdır. Bu da səmərəli aqrar məsləhət xidmətini təmin edəcək”.

 

Bütün xəbərlər