330x110
 

Lombardlar qanunsuz bank fəaliyyəti göstərirlər - Əkrəm Həsənov

03.09.2020,14:05


3 sentyabr, Fineko/abc.az. Bir müddət əvvəl Mərkəzi Bank sədri Elman Rüstəmov lombardlarla bağlı hesabatlılığın hazırlanacağını açıqlamışdı.

Bunun nəticəsində isə lombard bazarında mövcud olan xaotik vəziyyətə son qoyulacağı hesab olunur.

Sözügedən məsələyə münasibət bildirən ekspert Əkrəm Həsənov ABC.AZ-a açıqlamasında qeyd edib ki, hazırda lombardlar əslində banklar və BOKT-larla qeyri-sağlam rəqabət aparır.

Ekspert lombardların kredit təşkilatlarından, banklardan və BOKT-lardan fərqinə toxunaraq, adıçəkilən maliyyə qurumunun əslində necə fəaliyyət göstərməli olduğunu izah edib: "Lombardlar əhaliyə krediti öz hesabına verməlidir. Yəni banklar, BOKT-lar əsasən öz pulunu yox, başqalarının cəlb etdiyi pulu verir. Banklar əmanət cəlb edir, BOKT-lar  kredit götürür, birindən digərinə daha yüksək faizlə kredit verir. Onların məhz fəaliyyətinin elə riski odur ki, öz pulunu kredit vermir. Ona görə bank və BOKT-lara nəzarət var. Yoxsa kimsə öz pulunu kredit verirsə dövlət niyə ona nəzarət etməlidirki?. Öz puludu da kimə istəyər verər. Yəni sabahları pulunu kimsə qaytarmasa sənin öz məsuliyyətindi. Azərbaycanda bu mənada lombardlar öz pulunu vermir. Vergilər nazirliyinin saytında lombardlara dair məlumatlara baxsanız görərsiz ki, onların nizamnamə kapitalı beş on manatdır. Onlar ya banklardan kredit götürürlər, ya elə adi vətəndaşlardan əmanət kimi cəlb edirlər. Yəni faktiki bunlar qanunsuz bank fəaliyyəti göstərirlər. Başqalarının pulu ilə risk edirlər".

Müəlif: Elmir Murad