Azərbaycanda ayın fermeri seçiləcək – Müsabiqə elan olunub

16:26 - 4.09.2020


4 sentyabr, Fineko/abc.az. Azərbaycanda qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılması üçün müsabiqə elan olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən ABC.AZ-a bildiriblər ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

Fermerlər ərizələri Dövlət Aqrar İnkişaf mərkəzlərinə təqdim etməli və ya EKTİS-ə daxil olaraq müsabiqədə iştirakla bağlı elektron qaydada qeydiyyatdan keçməlidirlər. Müsabiqə ilə bağlı yaradılan işçi qrupları fermerlərin təsərrüfat fəaliyyətlərinin yerlərdə monitorinqini keçirəcək.

 

Bütün xəbərlər