330x110
 

Azərbaycan neft məhsulları gömrükdə saxlanıb? - Açıqlama

07.09.2020,14:40


7 sentyabr, Fineko/abc.az. Azərbaycanın neft məhsulları Əfqanıstana təkrar satıcılar və bəzən də qaçaqmalçılar vasitəsilə daxil olur ki, bu da məhsulların keyfiyyətinə nəzarətə mənfi təsir göstərir.

ABC.AZ-ın məlumatına görə, bu barədə açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Əfqanıstanın özəl şirkətlərdən biri tərəfindən Azərbaycandan idxal olunan 60 tanker (söhbət maye qaz daşımaq üçün dəmir yolu sisternlərindən gedir) maye qazın Əfqanıstan gömrüyündə saxlanılması barədə informasiyanı şərh edərkən bildirib.

Gecikmənin səbəbi kimi maye qazın keyfiyyətsiz olması və Əfqanıstan standartlarına uyğun gəlməməsi göstərilib.

“Heydər Əliyev adına neft emalı zavodumuz Azərbaycanda mayeləşdirilmiş qazın (LPG) əsas hissəsini istehsal edir. İstehsalat standartı 20448-2018-dir və bu standarta görə məhsuldakı butan ən azı 60 faiz olmalıdır, bizim LPG-mizdə isə bu, təxminən 75 faiz təşkil edir. Lakin SOCAR özü bu məhsulun ixracı ilə məşğul deyil.

Qaz məhsulun həm ölkə daxilində, həm də ondan kənarda satışını həyata keçirən “Məişət Maye Qaz” MMC adlı şirkətə satılır. Bildiyim qədər bu şirkətin özü də məhsulu birbaşa Əfqanıstana ixrac etmir, onu adıçəkilən ölkəyə başqa təkrar alıcılar gətirir. Yəni məhsul, çox güman, son istehlakçıya çatana qədər bir neçə əldən keçir”, - İ.Əhmədov deyib.