Azərbaycan prezidenti: Bu ilin investisiya proqramına əsasən sosial layihələr gerçəkləşdiriləcək

11:04 - 30.01.2018


30 yanvar, Fineko/abc.az. On dörd il ərzində Azərbaycanın əhalisi 1,5 milyon nəfərə qədər artıb.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, əhalinin artımı ümumi iqtisadi inkişafla sıx bağlıdır.

“Artan əhali, eyni zamanda, bizdən buna adekvat iqtisadi inkişaf tələb edir. Biz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq əhali 1,5 milyon nəfər artıb. Ona görə iş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. İndi dünyada texnoloji inkişafın çox sürətlə getdiyini və bunun iş yerlərinin ixtisarına gətirib çıxardığını nəzərə alsaq, biz bu sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun. Necə ki, görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir”, - dövlət başçısı belə deyib.

Onun sözlərinə əsasən, eyni zamanda sosial sahəyə böyük diqqət yetirilmişdir. Maaşlar 14 il ərzində beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb və bir çox önəmli sosial layihələr icra edilib. 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Bu da böyük vəsait tələb edən layihələrdir. Ancaq bu layihələr sosialyönümlü layihələrdir, ona görə investisiya proqramımızda daim bu layihələr var. Bu ilin investisiya proqramına əsasən də kifayət qədər sosial layihələr icra ediləcəkdir.

 

 

 

Bütün xəbərlər