COVİD-19 sığorta şirkətlərinin öz tibbi sığorta məhsullarına yenidən baxmasına səbəb oldu – Ekspert

11:12 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. Aparılan araşdırmalar göstərir ki, koronavirus pandemiyası başlamazdan əvvəl insanların yalnız 10% - i öz tibbi sığorta paketlərinin içərisində yoluxucu və pandemiya xəstəliklərinin olub-olmaması ilə maraqlanırdısa, indi bu faiz təxminən 70 % ə yüksəlib.

Yəni, artıq hər 100 nəfərdən 70- i tibbi sığortanı COVID - 19 kimi gözlənilməz pandemik xəstəliklərlə mübarizə üçün bir zərurət hesab edir.

Bunu ABC.AZ-a sığorta sektorundakı vəziyyəti şərh edən ekspert Xəyal Məmmədxanlı bildirib.

O qeyd edib ki, eyni zamanda sığorta şirkətləri də COVID - 19 böhranı zamanı bir çox müəssisələrin iflas olmasından, yaşadıqları böhrandan sonra bu cür virusların yeni bir dünya normalına çevrilə biləcəyini düşündükləri üçün yeni məhsullar yaratmağa başladılar.

Onun sözlərinə görə, yeni ‘’pandemiyaya dözümlü’’ sığorta təminatları ucuz olmasa da, müəssisələrə növbəti analoji şoklardan və zərərlərdən sığortalanma şansı verir: "Həm mövcud sığortaçılar, həm də böhrandan doğulan yeni oyunçular bu fürsətdən istifadə edərək pandemiya risklərini öz mövcud məhsullarına əlavə etməklə ya da bu cür riskləri ehtiva edən yeni məhsullar yaratmaqla bazarda qalmağı və böyüməyi hədəfləyirlər. COVİD - 19 bütün dünyada sığorta şirkətlərinin öz tibbi sığorta məhsullarına yenidən baxmasına səbəb oldu. Şirkətlər daha çox 3 cür addım atdılar: birinci addım ümumiyyətlə pandemiyaların istisnalara salınması idisə, ikinci addım pandemiyaları ehtiva edən mövcud sığorta məhsullarının qiymətini və şərtlərini dəyişdirmək oldu. Üçüncü addım isə tamamilə yeni COVİD-19 tibbi məhsullarının yaradılması ilə xarakterizə olundu.  Ölkəmizdə əksər sığorta şirkətləri bu məsələnin üstündən susaraq keçdilərsə, lakin bəzi aparıcı şirkətlər COVİD - 19 sığortası ilə yeni marketinq addımları atdılar və yeni müştərilər cəlb etməyə çalışdılar".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər