330x110
 

Prezident Fərman verdi - İqtisadi Şura yaradılır

09.09.2020,14:28


9 sentyabr, Fineko/abc.az. Azərbaycanda iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə Prezident Fərman verib.

ABC.AZ xəbər verir ki, Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, postpandemiya dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasını, onun reallaşdırılmasını təmin edə biləcək iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadi Şurası (bundan sonra – Şura) yaradılsın.

2. Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:

Şuranın sədri

Azərbaycan Respublikasının Baş Naziri

Şuranın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının Maliyyə naziri

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktoru.