330x110
 

Süni maneələr səbəbindən əlillik dərəcəsi almaq olmur – Deputatdan etiraz

10.09.2020,11:00


10 sentyabr, Fineko/abc.az. "Əlilliyin təyinatındakı çətinliklərlə bağlı ünvanlanan sorğular bizə ən çox edilən müraciətlər sırasındadır. Prosesin elektronlaşmasına baxmayaraq, müraciətlərin böyük əksəriyyətinə imtina cavabı verilir".

ABC.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov qeyd edib.

Onun sözlərinə görə, vətəndaş forma 88 adlı göndərişi elektron sistemə daxil edir və maraqlıdır ki, əksər hallarda vətəndaşın təqdim etdiyi məlumatların doğru olmaması barədə ona bildiriş göndərilir.

Deputat bildirib ki, Füzuli rayonunda bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib: "Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu, o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib. Demək olar ki, bütün digər rayonlarımızda da oxşar vəziyyətdir. Əslində, əlilliyin verilməsi ilə bağlı elektron müraciət heç də kütləvi imtina üzərində qurulmamalıdır. Bizə olan müraciətlər də göstərir ki, əlillik almaq hüququ olan xeyli sayda vətəndaşlarımız, təəssüf ki, süni maneələr səbəbindən əlillik dərəcəsi ala bilmirlər. Ona görə də bütün bu məsələlərlə bağlı Nazirlər Kabinetinə müraciət edirəm".

Müəllif: Elmir Murad